AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur.
Tədbir Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasındakı dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da inkişaf etdiyini və ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirildiyini bildirmişdir. Natiq, mərasimin R. Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsinin də təsadüfi olmadığını vurğulamış və xalq artisti Rəşid Behbudov xalqlarımız arasındakı mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışmışdır.
Misir Ərəb Respublikasının Bakıdakı səfiri Yusif Əhməd əl- Şarkavi qədim köklərə malik Misir-Azərbaycan dostulunun ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misirə tarixi səfərindən sonra daha da möhkəmlənidiyini, Prezident İlham Əliyevin 2006-cı ildə ölkəsinə səfərindən sonra daha sürətlə inkişaf etdiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, bu dostluğun və sevginin əlaməti olaraq Misirin görməli yerlərindən birində Heydər Əliyev parkı salınmış və həmin parkda ulu öndərin abidəsi ucaldılmışdır. Səfir Bakı şəhərində Hüsnü Mübarək bağının salınmasını və abidəsinin qoyulmasını yüksək qiymətləndirmişdir.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş mədəniyyət günlərinin proqramının zəngin olduğunu bildirmişdir. Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində dost ölkənin incəsənət ustalarının əsərlərindən ibarət sərgilər açılacaq, konsert və digər mədəniyyət tədbirləri təşkil olunacaqdır. Bu cür tədbirlər Sümqayıtda da keçiriləcəkdir.
Tədbirin sonunda Misirin mədəniyyət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanda Misir mədəniyyəti günləri aprelin 23-dək davam edəcəkdir.
######

