İQTİSADİYYAT
Azərbaycanda sosial infrastruktur layihələrinin həyata keçirilməsi dövlətin prioritet vəzifəsidir
Bakı, 2 mart (AZƏRTAC). Dövlət Proqramı ilə bağlı ölkədə həyata keçirilən sosial infrastruktur layihələri dövlətin vəsaiti hesabına icra olunur.
Bu barədə fevralın 28-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bildirmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2 min 300-dən çox yeni məktəb binası tikilmişdir. Ötən il 200-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Bu il isə 400-dən artıq məktəb binası inşa olunacaq və əsaslı təmir işləri görüləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılmasının böyük əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev Azərbaycanda 400-dən artıq müasir tibb ocağının istifadəyə verildiyini vurğulamışdır.