ELM VƏ TƏHSİL
Azərbaycanda uşaqların I sinfə müsabiqə yolu ilə qəbulu üzrə təkliflər hazırlanacaqdır
Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycanda uşaqlar orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbul ediləcəkdir. Bununla əlaqədar tədqiqatlar aparılacaq və təkliflər hazırlanacaqdır. Təhsil Problemləri İnstitutu Təhsil Nazirliyinin sifarişi ilə artıq bu tədqiqatları aparmağa başlamışdır.
İnstitutun direktoru Abdulla Mehrabov AZƏRTAC-a bildirmişdir ki, bu gün bəzi məktəb-lisey və gimnaziyalar uşaqları I sinfə müsabiqə ilə qəbul edirlər. Buna təəssüflənən direktor demişdir ki, belə qəbul həmin məktəbə yaxın ərazidə yaşayan uşaqların hüquqlarını pozur. Uşağı sorğu-sual edirlər və deyirlər ki, uşaq hazır deyil. Əgər uşağın yaşadığı ərazidə məktəb varsa, onu 10-12 km aralıda yerləşən məktəbə göndərmək olmaz. Bununla, uşaqların hüquqları pozulur.
A.Mehrabov əlavə etmişdir ki, məktəblər uşaqları I sinfə müsabiqə yolu ilə qəbul edə bilərlər. Ancaq bu müsabiqə zamanı daha bacarıqlı uşaqlar seçilməli və onlar bir qrupda cəmlənməlidir. Müsabiqədə nisbətən aşağı bilik səviyyəsi və bacarıq nümayiş etdirən digər uşaqları da məktəbə mütləq qəbul etmək lazımdır. Məktəb həmin uşaqlar üçün ayrı siniflər yaratmalıdır. Həmin uşaqlar üçün təlim gücləndirilməli və onların bilik səviyyəsi digər uşaqların bilik səviyyəsinə çatdırılmalıdır.
Bu məsələdə problem vardır, hazırda bunlar araşdırılır.