İDMAN
Azərbaycanın altı cüdoçusu “World Masters” turnirində çıxış edəcəkdir
Bakı, 20 dekabr (AZƏRTAC). 2012-ci ildə cüdo üzrə İlk beynəlxalq mövsüm yanvar ayının ortalarında Almatıda keçiriləcək “World Masters” turniri ilə açılacaqdır.
Azərbaycanın Cüdo Federasiyasında AZƏRTAC-a bildirmişlər ki, “World Masters” olimpiadadan və dünya çempionatından sonra əhəmiyyətinə görə üçüncü mühüm turnirdir. Beynəlxalq federasiyanın (IJF) builki yekun reytinqinə görə yarışda Azərbaycanın 6 atleti iştirak edəcəkdir. Onların çoxu əslində 2012-ci il oyunlarında vəsiqə qazanmaq üçün tapşırığı yerinə yetirmişdir.
Komandamız kişilər arasında dörd, qadınlar arasında iki atletlə təmsil olunacaqdır. Bir həftə bundan əvvəl elan edilmiş ranq cədvəlinə nisbətən təsnifatda minimal dəyişiklər olmuşdur: İlqar Müşkiyev (60 kq) 10-cu yerdə, Tərlan Kərimov (66 kq) 13-cü yerdə, Elnur Məmmədli isə (81 kq) 3-cü yerdədir. Bizim Olimpiya çempionumuzdan irəlidə yalnız koreyalı Cae Bum Kim və braziliyalı Leandro Qulxeyrodur. Onlar böyük fərqlə irəli çıxmışlar və artıq onları keçmək asan olmayacaqdır. Bununla belə Elxan Məmmədov (90 kq) 5-ci yerdədir və braziliyalı Tyaqo Kamilodan cəmi 4 xal geri qalır.
Qadınlar arasında Olimpiadaya keçid mövqelər 13-cü yerdə gedən Kifayət Qasımovada (57 kq) qalmaqdadır. Düzdür, o, ardınca gələn İrina Zabludinadan cəmi 4 xal irəlidədir. Buna görə də idmançımız xalları artırmalıdır. “World Masters” turnirində öz statusunu möhkəmlətmək üçün yaxşı imkan vardır və Kifayət bu imkandan istifadə etməlidir. Bu, 15-ci yeri əldə saxlayaraq yanvar ayında Almatıda keçirilən yarışa vəsiqə qazanmış Ramilə Yusubovaya da (63 kq) aiddir.