SİYASƏT
AZƏRBAYCANIN AVROPA ŞURASI QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏR UĞURLA İCRA EDİLİR
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 25-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun üzvləri ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Əminəm ki, Azərbaycan-Avropa Şurası əlaqələrinin inkişafı gələcəkdə də davam edəcəkdir.
Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin uğurla icra edildiyini bildirən sədr qarşıda duran digər məsələlərin də yaxın gələcəkdə yerinə yetiriləcəyini diqqətə çatdırmışdır.
Səmimə qəbula görə təşəkkürünü bildirən “Aqo” monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyan Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu bildirmişdir. Milli Məclisin sədri ilə əvvəlki görüşlərini xatırladan qonaq demişdir ki, əməkdaşlığımız davam etdirilməlidir. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin uğurla icra edildiyini təsdiq edən Stelian Stoyan görülməli işlərdən danışmışdır.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında gələcək əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.