SİYASƏT
Azərbaycanın əhalinin sosial müdafiəsi sahəsində əldə etdiyi uğurlar Cenevrədə Beynəlxalq Əmək Təşkilatının tribunasından səslənmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov sessiyanın plenar iclasında çıxış etmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, nazir öz çıxışında Azərbaycanda aparılan məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitliyin təmin olunması ilə yanaşı, qlobal proseslərdən irəli gələn çağırışların, gələcəyə hesablanan hədəflərin də daim diqqətdə saxlanıldığını vurğulamışdır. F.Ələkbərov iclas iştirakçılarına respublikada həyata keçirilən sosial proqramlar, o cümlədən yeni iş yerlərinin açılması, rəqabət qabiliyyətli əmək potensialının yetişdirilməsi, əmək bazarının inkişafı və digər sahələrdə görülən işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Azərbaycanda son doqquz ildə üç dəfədən çox iqtisadi artıma nail olunduğunu, 1 milyon 200 mindən çox yeni iş yeri yaradıldığını, işsizliyin 5,2 faizədək, yoxsulluğun 6 faizədək azaldığını qeyd edən nazir sosial ədalət meyarlarına söykənən iqtisadi-sosial idarəetmənin təmin olunmasından, insan kapitalının inkişafından, əmək resurslarının iqtisadi tərəqqiyə uyğunlaşdırılmasından da söz açmışdır. Qeyd etmişdir ki, fəal beynəlxalq əməkdaşlıq müstəvisində və mütərəqqi dünya təcrübəsi əsasında həyata keçirilən bu məqsədyönlü strategiya bir çox problemlərin aradan qalxması ilə müşayiət olunur.
Sessiya çərçivəsində nazir Fizuli Ələkbərovun BƏT-in rəhbər şəxsləri, ayrı-ayrı ölkələrin müvafiq qurumlarının rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşləri nəzərdə tutulur.