MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar Artisti Berlin Opera Teatrının səhnəsində çıxış edəcək
Bakı, 8 avqust, AZƏRTAC
Gələn il aprelin 29-da, mayın 1-də və 6-da Berlin Opera Teatrının səhnəsində Cakomo Puççininin “Qaranquş” operası nümayiş etdiriləcək. Səhnə əsərində Maqda obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva canlandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Dinara Əliyevanın və Berlin Opera Teatrının saytlarında yer alıb.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı təşkil olunub.
Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.