MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar Artisti İstanbulda keçirilən beynəlxalq festivalda böyük uğur qazanmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). İstanbulda Beynəlxalq “WOMIST- Dünya musiqi festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu mötəbər sənət yarışmasında Azərbaycanı Əməkdar Artist Sevda Ələkbərzadə təmsil etmişdir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan ilə yanaşı, Türkiyə, Argentina, Avstraliya, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Fransadan olan ifaçılar çıxış etmişlər.
Festival çərçivəsində S.Ələkbərzadə Fatih Əli Əmri Əfəndi Mədəniyyət Mərkəzində geniş konsert proqramı ilə çıxış etmişdir. Müğənni konsertdə “Şəbi-Hicran”, “Sevdalı dünya”, “Gül açdı” musiqi albomlarından ən sevilən mahnılarını ifa etmişdir. Müğənnini fortepianoda Elçin Şirinov, tarda Malik Mənsurov, pianoda Elşad Əbdülrəhimov, gitarada Ruslan Hüseynov müşayiət etmişdir.
Təşkilatçılar ən gözəl konsertlər sırasında Azərbaycanın adını xüsusilə vurğulamışlar.
Konsertin tamaşaçıları arasında olmuş Azərbaycanın İstanbuldakı baş Konsulu Həsən Zeynalov həmyerlimizin çıxışını xüsusi qiymətləndirərək ona yeni uğurlar arzulamışdır.
S.Ələkbərzadənin solo ifasında səslənən muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri Türkiyənin NTV telekanalı tərəfindən lentə alınmışdır.
Müğənni bundan əvvəl ABŞ, Belarus, Böyük Britaniya, Fransa, İtaliya və digər ölkələrdə keçirilmiş beynəlxalq festivallarda da ölkəmizi layiqincə təmsil etmişdir.