REGİONLAR
Azərbaycanın kənd təsərrüfatı naziri İsrailə səfər edəcəkdir
Bakı, 17 fevral (AZƏRTAC). Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fevralın 18-dən 20-dək İsraildə səfərdə olacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi İsrail ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və bu ölkənin aqrar sektorda qazandığı təcrübə ilə tanış olmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti İsrailin kənd təsərrüfatının strukturu və dövlətin aqrar siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi, dövlət dəstəyi metodları, istixanalar üçün proqram təminatı və nəzarət sistemləri ilə tanış olacaqdır. Həmçinin nümayəndə heyətinin İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşü də nəzərdə tutulur.