İDMAN
Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiya Şurası ilin yekunları ilə bağlı iclas keçirilmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycanın Səmti Müəyyən Etmə İdman Federasiya (SMEİF) Şurasının növbəti iclası keçirilmişdir.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda 2013-cü il üzrə gördüyü işlərin nəticələri, 2014-cü ilə dair tədbirlər planına uyğun olaraq görüləcək işlər, ukraynalı mütəxəssis Aleksandr Puqaç tərəfindən Azərbaycanın yeni regionlarının (Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki, Qax rayonları) xəritələrinin hazırlanması üzrə işlərin ardıcıllığına dair təkliflərin hazırlanması məsələləri müzakirə edilmişdir.
Eləcə də iclasda 2014-cü ilin tədbirlər planına uyğun olaraq beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin müəyyənləşdirilməsi, orta və ali təhsil müəssisələrində seminarların keçirilməsi ilə səmti müəyyən etmə idman növünün təbliğatına dair işlərin bərpa olunması istiqamətində geniş müzakirələr aparılmış və bununla bağlı Federasiya Şurasının üzvlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sonda isə Federasiya Şurası tərəfindən 2014-cü ilin aprelində Odessada, mayda isə Sevastopolda (Krım MR, Ukrayna) Ukrayna ilə birgə 416-cı Taqanroq və 77-ci Sevastopol atıcı diviziyaları tərəfindən Odessa və Sevastopol şəhərlərinin azad olunmasının 70-ci ildönümünə həsr olunmuş yarışların keçirilməsinə dair layihənin həyata keçirilməsi üzrə SMEİF qarşısında duran tapşırıqlar müzakirə olunmuşdur.