İQTİSADİYYAT
Azərbaycanın xarici ticarət dövriyyəsində 12,4 milyard dollarlıq müsbət saldo yaranıb
Bakı, 10 avqust (AZƏRTAC). Bu ilin yanvar-iyun aylarında Azərbaycan rezidentləri dünyanın 134 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə əmtəə ixrac olunub, 122 ölkədən isə idxal edilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələridir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 20,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 milyard dollar, idxalın həcmi 4,1 milyard dollar təşkil edib, nəticədə 12,4 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar, şəkər, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanmış məmulatlar, idxal edilən məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları üstünlük təşkil edib.