MƏDƏNİYYƏT
Azərbaycanlı alim Almaz Ülvi Özbəkistan universitetlərində tələbələrə ustad dərsi keçib
Bakı, 12 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Özbəkistanın Muqimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun və Berdaq adına Nukus Dövlət Universitetinin (Özbəkistan Respublikasının tərkibindəki Qaraqalpaq Respublikasında) dəvəti ilə bir həftə həmin ali təhsil ocaqlarında olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə alimin Muqimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə görüşüb. Almaz Ülvi həmin fakültənin tələbələri qarşısında üç gün ərzində “Azərbaycan-özbək ədəbi əlaqələri tarixi”, “Əlişir Nəvai irsinin Azərbaycanda tədqiqi məsələləri”, “Əlişir Nəvai yaradıcılığına Nizami Gəncəvi təsiri” və “Azərbaycan və özbək ədəbiyyatlarının klassik simaları və müasirlər” mövzularında mühazirələr oxuyub və tələbələri maraqlandıran sualları cavablandırıb. Azərbaycan ədəbiyyatının və elminin tarixi nailiyyətlərindən, hər iki xalqın tarixən mövcud olan ədəbi əlaqələrindən danışıb.
Görüş institutun professor-müəllim heyəti ilə də işgüzar müzakirələrlə davam edib.
Qeyd edək ki, Kokand ədəbi mühiti Füzuli yaradıcılığının təsiri ilə vüsət qazanıb. Tələbələrlə görüşdə Kokand ədəbi məktəbinin Gülxаni, Amiri, Nadirəbəyim, Uveysi, Abdulla Qədiri, Həmzə Həkimzadə Niyazi, Abdulla Qəhhar və digər ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıqlarının Azərbaycanda tədqiqi məsələləri haqqında geniş söhbət açılıb.
Sonda filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya Özbəkistan Respublikası Ali və Orta ixtisas Nazirliyi Muqimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru diplomu təqdim edilib.
Almaz Ülvi Özbəkistanın Qaraqalpaq Respublikasının paytaxtında yerləşən Berdaq adına Nukus Dövlət Universitetinin özbək dili və ədəbiyyatı fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə də görüşüb. O, üç gün ərzində universitetdə təhsil alan qazax, özbək, qaraqalpaq, türkmən, qırğız, qaqauz tələbələrinə Azərbaycan ədəbiyyatının görkəmli simalarının yaradıcılıqları haqqında mühazirələr söyləyib. Azərbaycan ədəbiyyatının türk xalqlarının ədəbi əlaqələrindən bəhs edən mühazirələr tələbələrin xüsusi marağına səbəb olub. Azərbaycanlı alim Qaraqalpaq xalqının böyük şairi, qaraqalpaq ədəbiyyatının banısı Berdaqın irsinin Azərbaycanda tədqiqindən bəhs edib. 1987-ci ildə ilk dəfə Qaraqalpaqa xalq şairi İbrahim Yusupovun 60 illik yubileyinə dəvət alsa da, amma yubileyə qatıla bilməyən Almaz Ülvi, o illərdə şair haqqında “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi məqalənin bir nüsxəsini universitet rektoru, texnika elmləri doktoru, professor Əhməd Reymov ilə görüşdə ona təqdim edib.
Almaz Ülvi hər iki ali təhsil ocağına xeyli sayda elmi kitablar hədiyyə edib.
Azərbaycanlı alim səfər çərçivəsində Xivə və Urgənc şəhərlərindəki tarixi yerləri də ziyarət edib.