ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konqresdə məruzə ilə çıxış edib
Bakı, 25 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva Beynəlxalq Semiotika Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin İstanbul Universitetində keçirilən “Mədəni irsin semiotikası: autentiklikdən informativliyə” mövzusunda beynəlxalq konqresdə iştirak edib.
R.Qeybullayeva AZƏRTAC-a bildirib ki, beynəlxalq tədbirdə “Antik dövrdən müasirliyə: sakral fraza və onun desakralizasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, maddənin itməməsi, bir formadan digərinə keçməsi kimi, eynilə sözlər də müxtəlif səbəblərdən bir formadan digərinə keçir. Həm şifahi nitq, həm də yazılı mətn, antik dövrdə isə dini mətnin interpretasiya və tərcüməsi bu variantları formalaşdıran əsas amillərdəndir. Bu baxımdan təkcə orta əsrlər deyil, antik dövrdən orta əsrə qədər də qədim sakral ifadələri, onların idioma çevrilməsi və ya sərbəst sözlərə parçalanmasının öyrənilməsi müasir sözlərin bioqrafiyasını müəyyən qədər əks etdirir. Həmçinin “Mədəniyyət qatları və matrisləri”, “Mədəniyyətlərarası kommunikasiyalarda söz və ritual” xüsusi kurslarının əsasını təşkil edən müasir söz, ifadə və simvolların (o cümlədən Azərbaycan dili və ədəbiyyatında olan) qədim dillərdən bəri tarixini araşdırır. Məruzədə bu istiqamətdə son on ildə professor R.Qeybullayevanın əsas elmi araşdırma mövzusu olan “Mədəniyyətlərarası kommunikasıyalarda söz və ritual” xüsusi kursunun bir mövzusu - “qardaş”, “kardeş” sözlərinin, Azərbaycan dialektlərində bu sözlərin qarşılıqlarının matrisasının bərpası təqdim edilib.
Qeyd edək ki, “Mədəni irsin semiotikası” beynəlxalq layihəsi üç ildir Beynəlxalq Semitoka Təşkilatının ayrıca bölməsi kimi Imatra Semiotika Institutunun direktoru (Finlandiya) və Beynəlxalq Semitoka Assosiasiyasının 25 il sədri olmuş professor Eero Tarasti tərəfindən irəli sürülən və reallaşdırılan layihədir.