İQTİSADİYYAT
“Azərikimya” mexaniki-təmir zavodunun kollektivi cari ilin birinci yarısını uğurla başa vurmuşdur
Sumqayıt, 12 iyul (AZƏRTAC). Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) mexaniki-təmir zavodunun kollektivi cari ilin birinci yarısında şirkətinin müəssisələrinin avadanlıqların təmiri və bərpası üzrə sifarişləri tam yerinə yetirmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən dövr ərzində “Azneft” İB üçün mürəkkəb konfiqurasiyalı nasos hissələri, dəniz neftçiləri üçün bir-neçə komplekt TOPAS-15 və TOPAS-75 markalı bioloji sutəmizləyici qurğu hazırlanaraq sifarişçilərə göndərilmiş, Heydər Əliyev adına Bakı neft emalı zavodunun müxtəlif növ istilikdəyişdiricilərinin boru dəstləri və s. təmir olunaraq neft emalçılarına çatdırılmışdır.
Təmirçilərin ən böyük uğuru etilen-polietilen zavodunun “EP-300” kompleksinin kompressorlarından birinin hidroblokları üçün ilk dəfə olaraq kipləşdiricilərin hazırlanma texnologiyasının mənimsənilməsidir. Mexaniki-təmir zavodunda ötən il quraşdırılmış unikal emal dəzgahlarının, o cümlədən kompyuter sistemi üzrə işləyən “LAQUN” dəzgahının istifadəyə verilməsi sayəsində son 10 ildə ilk dəfə olaraq hidroblokun kipləşdiricilərinin hazırlanmasına nail olunmuşdur.
Bununla yanaşı, təmirçilər ilin birinci yarısında xeyli miqdarda elektrik enerjisinə qənaət etmiş, əmək məhsuldarlığını yüksəltməyə, məhsul vahidinin maya dəyərinin azaldılmasına nail olmuşlar.