İQTİSADİYYAT
“Azəriqaz” “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki işçilərinin sayını artırır
![“Azəriqaz” “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki işçilərinin sayını artırır](/files/2019/2/1200x630/15638698543314913765_1200x630.jpg)
Bakı, 23 iyul, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki işçilərinin sayını artırır.
Birlikdən AZƏRTAC-a bildirilib ki, yeni nəsil smart tipli sayğacların əvəz olunmasından sonra yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və sair kimi xidmətlərə müraciətlər nəzərdə tutulandan maksimum səviyyəyə çatıb. Belə ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində çalışan “Azəriqaz” İB-nin əməkdaşlarının gün ərzində operativ və keyfiyyətli xidmət göstərmələrinə baxmayaraq, müraciətlərin sayı xeyli artıb. Birliyin bir qrup mühəndis heyəti bundan sonra həftənin şənbə və bazar günləri də növbəli şəkildə işə çıxacaq. Bakı Regional Qaz Satışı Departamentinin inzibati binalarında, Xəzər, Sabunçu və Abşeron rayonları üzrə xidmət sahələrində abonentlərə kommunal xidmətlərin yüksək səviyyədə çatdırılması məqsədilə Müştəri xidməti şöbəsinin işçiləri istirahət günlərində ödənişlə təmin olunmaqla işə cəlb ediləcəklər.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin gözləmə zallarında növbədə gözləyən çox sayda vətəndaşa operativ xidmət göstərilməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də məqsədəuyğun sayıb.