İQTİSADİYYAT
“Azəriqaz” İB-də yeni “Çağrı Mərkəzi” xidməti yaradıldı
Bakı, 4 mart, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyində (İB) istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə “qaynar xətt” xidməti təkmilləşdirilərək, müştəri xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Belə ki, abonentlər bundan sonra “104” və “185” nömrəli “qaynar xətt”lərə zəng vuraraq səsli menyunun köməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər.
Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılıb və lazımi materiallarla təmin olunub.
Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.