İQTİSADİYYAT
“Azərişıq” ASC-nin sədri Salyanda vətəndaşlarla görüşəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 9-da saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında (Təbriz Xəlilbəyli küçəsi 136) keçiriləcək. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Salyan Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin “199” Çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.