İQTİSADİYYAT
“Azərişıq”: Hər bir sahibkar onlayn qaydada obyektin enerji təchizatına qoşulması üçün müraciət edə bilər
Bakı, 15 mart, AZƏRTAC
Vətəndaş müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədilə “Azərişıq” ASC “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 17 xidmət üzrə fəaliyyət göstərir. Müraciətlərin vahid “Bir pəncərə” prinsipi əsasında idarə edilməsi məqsədilə Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb və bir ildir fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri 1 saylı “ASAN Kommunal” Xidmətinin qrup rəhbəri Mirtağı Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir sahibkar onlayn qaydada obyektin enerji təchizatına qoşulması üçün müraciət edə bilər: “EMİOS digər dövlət orqanları - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Vergi Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin müvafiq şöbələri üzrə daxil olan məlumatlar imteqrasiya etdiyindən sahibkar məlumatları öz üzərində gəzdirmədən 150 kilovat mövcud və ya inşa ediləcək tikinti obyektinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər. Eyni zamanda, bu islahatlarla "Azərişıq" ASC tələb olunan gücü 150 kilovata qədər mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını e-gov (Elektron Hökumət portalı) üzərində də edə bilir”.
M.Mustafayev bildirib ki, EMİOS sistemi barədə məlumat artıq Avropa İttifaqı tərəfindən maliyyələşən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OPSI) tərəfindən rəsmi saytlarında dərc olunub. Bu sistemin fəaliyyətində əsas məqsəd vətəndaşların onlayn müraciətlərə sövq edilməsidir.
O əlavə edib ki, müraciət zamanı reyester-qeydiyyat nömrəsi əlavə edilməklə CİS (Coğrafi İnformasiya Sistemi) və güc mərkəzi vasitəsilə obyektin məsafəsi müəyyən edilir. Sahibkar Elektron Hökumət portalı vasitəsilə müraciətinin ödənişini edir, 10 və 20 gün ərzində sahibkar enerji təchizatı şəbəkəsinə qoşulur. Enerji təchizatına qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsilə sahibkara müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.
“Yaradılan Texniki Şura digər dövlət orqanlarından elektron qaydada lazımi icazələri alır. Aparılan islahatlar həyata keçirilən xidmətlərin insan amili olmadan reallaşdırılmasında böyük rol oynayır. Sahibkar müraciətinin qəbulu və onun hansı mərhələdə olduğu məlumatını e-gov.az (Elektron Hökumət portalı) vasitəsilə əldə edə bilər”, - deyə M.Mustafayev bildirib.
Jurnalistlər 1 saylı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzində sahibkarlara göstərilən xidmətlərlə əyani tanış olublar.