İQTİSADİYYAT
“Azərpoçt” gələn ildən mikrokreditlərin verilməsinə başlayacaqdır
Bakı, 2 dekabr (AZƏRTAC). “Azərpoçt” MMC bütün bank xidmətlərinin göstərilməsinə tam hazırdır. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyalar verilmişdir. Gələn ildən MMC-də mikrokreditlərin verilməsinə başlanacaqdır.
Bu barədə AZƏRTAC-a rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat vermişdir. İnkişaf etmiş ölkələrdə bank və maliyyə xidmətlərinin göstərilməsi poçt rabitəsi sistemini daha da inkişaf etdirir. Bu məqsədlə Dünya Bankı, Dünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatlar poçt sistemi üçün müəyyən pilot layihələr hazırlamışlar. Onlardan biri də Azərbaycanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsidir.
Ə.Abbasov bildirmişdir ki, müasir bank sisteminə uyğun olaraq “Azərpoçt”da xüsusi informasiya sistemi yaradılmışdır. Bu sistem vasitəsilə ən ucqar kəndlərə də çıxış imkanları vardır.