İQTİSADİYYAT
“Azərsu” ASC istehlakçılara verilən suyun həcmini və təzyiqini artırmışdır
Bakı, 20 may (AZƏRTAC). Son günlər havaların istiləşməsi və temperaturun yüksəlməsi ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında içməli suya tələbatın artması müşahidə olunur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qurum abunəçilərin su təchizatında mövcud qrafikdən kənarlaşmalara yol verilməməsi və istehlakçıların artan tələbatını ödəmək üçün mənbələrdən götürülən və xətlərə vurulan suyun həcmini çoxaltmışdır. Tələbatı ödəmək və bütün istehlakçılara normal həcmdə içməli su verilməsi üçün magistral və məhəllədaxili kəmərlərdə təzyiqlər artırılmışdır. Təzyiqin yüksəlməsi isə istismar müddətini başa vurmuş və fiziki cəhətdən köhnəlmiş borularda tez-tez sızma və qəzalarla müşahidə olunur.
Bunları nəzərə alaraq, “Azərsu” ASC əhalidən və istehlakçılardan xahiş edir ki, su təminatında yaranmış problemlər, həmçinin magistral xətt və küçələrdə hər hansı qəza və sızma halları ilə rastlaşdıqda dərhal şəhər telefonlarından “961” nömrəli “qaynar xətt”ə, həmçinin 431-41-67, 431-39-42 nömrələrinə zəng edib məlumat versinlər.