SİYASƏT
AzərTAc-ın Çin dilində informasiyalar yayması Vuhu “Live channel”in rəhbərliyində böyük maraq oyadıb
Vuhu, 15 dekabr, AZƏRTAC
Konfutsi İnstitutunun xətti ilə Çinin Anxoy vilayətinin Vuhu şəhərində təhsil alan tələbələr dekabrın 14-də “Live channel” televiziya kanalında olublar.
Telekanalın rəhbərliyi ilə keçirilən görüşdə AZƏRTAC-ın əməkdaşı Pərvanə Rəhimova təmsil etdiyi agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, AZƏRTAC Çin dilində gündəlik informasiya yayır. Baş direktor Aslan Aslanov Konfutsi İnstitutunun agentlikdə çalışan əməkdaşlarına və Çin dilində informasiya buraxılışı bölməsinə xüsusi diqqət və qayğı ilə yanaşır.
AZƏRTAC-ın Çin dilində informasiyalar yayması Vuhu “Live channel”in rəhbərliyində böyük maraq oyadıb və telekanal ilə agentlik arasında əməkdaşlığın mümkünlüyü qeyd olunub.
Telekanalın baş ofis direktoru Da Ciping bildirib ki, Vuhu televiziyasının ümumilikdə 9 kanalı var. Telekanalların xəbərlərini internet səhifələrində onlayn olaraq izləmək mümkündür. Telekanal Vuhu şəhərinin sosial həyatına dair xəbərləri araşdırır və bununla bağlı informasiyalar yayımlayır. Kanalın məşhur “1890” verilişinin hazırlanması üçün yaradılmış mərkəzə gün ərzində 200-dən çox zəng daxil olur.
Görüşdə Qırğızıstan, Əfqanıstan və İndoneziyadan olan tələbələr iştirak ediblər. Onlar telekanalın binasında yaradılmış şəraitlə, müxtəlif studiyalarla və verilişlərin hazırlıq prosesi ilə yaxından tanış olublar.
Pərvanə Rəhimova
AZƏRTAC-ın müxbiri
Vuhu