ELM VƏ TƏHSİL
AzMİU-da “Açıq qapı” günündə 1000-dən çox məktəbli və kollec tələbəsi iştirak edib
Bakı, 27 may, AZƏRTAC
Bakının müxtəlif məktəblərinin yuxarı sinif şagirdləri və kolleclərin sonuncu kurs tələbələri üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Açıq qapı” günü təşkil olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə 1000-dən çox məktəbli və kollec tələbəsi iştirak edib. Tədris işləri üzrə prorektor Akif Qasımov məktəbliləri və kollec tələbələrini universitetdə görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin artıq ənənə halını aldığını diqqətə çatdırıb. O, universitetin yaranma tarixi, mövcud ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları, tələbə həyatı və s. barədə məlumat verib.
Sonra “Açıq qapı” iştirakçıları AzMİU-nun İdman Kompleksində təşkil edilən təqdimat sərgisi ilə tanış olublar. Burada universitetin fakültələri, aidiyyətı mərkəz və şöbələri tərəfindən bölmələr yaradılıb və həmin bölmələrdə öz profillərinə uyğun əyani materiallar, bukletlər sərgilənib. Hər bölmədən olan məsul şəxs şagird və tələbələri maraqlandıran sualları cavablandırıb, onlara qəbul qaydaları, ixtisaslar və gələcək karyera imkanları ilə bağlı ətraflı məlumat verib.
Tədbirin bədii hissəsində isə AzMİU-nun özfəaliyyət kollektivi çıxış edib.
Məktəblilər, həmçinin universitetin tədris binaları, ayrı-ayrı fakültələri, auditoriya və laboratoriyaları ilə tanış olublar.