İQTİSADİYYAT
“Azneft” İB-nin əməkdaşları üçün ixtisasartırma kursu təşkil olunub
Bakı, 19 iyul, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi “Azneft” İB-nin neft-qazçıxarma idarələrinin hidrotexniki qurğularında boru xətlərinin, əmtəə çənlərinin və atqı xətlərinin divar qalınlıqlarının “Olimpus” 38DL tipli ultrasəs qalınlıq ölçən cihazı ilə mütəmadi olaraq ölçülməsi məqsədilə birliyin işçilərinə “ultrasəs qalınlıq ölçmə” (səviyyə 1) ixtisasartırma kursu təşkil edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kurs müddətində dinləyicilərə “ultrasəs qalınlıq ölçmə” üsulunun dənizdəki hidrotexniki qurğularda qəza hallarının qarşısının alınmasında əhəmiyyəti barədə məlumatların verilməsi nəzərdə tutulur. Həmçinin qeyri-destruktiv müayinə metodları və onlarla tanışlıq, ultrasəs müayinəsinin fiziki prinsipləri, prob tipləri, axtarış metodları, məsafə kalibrasiyasının yerinə yetirilməsi, həssaslıq kalibrasiyası, standart və normalar və digər mövzuların tədris edilməsi planlaşdırılır. Kurs TTSİ-nin 3-cü dərəcəli təxribatsız müayinə üzrə mütəxəssisi tərəfindən SNT-TC-1 A beynəlxalq standartının tələb və şərtlərinə uyğun olaraq keçirilir. Kursun sonunda imtahanı müvəffəqiyyətlə keçən dinləyicilərə sertifikatlar təqdim olunacaq.