İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi tərəfindən respublikanınbir neçə rayonunda aparılan kəşfiyyat işləri başa çatmaq üzrədir
Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyi tərəfindən respublikanın bir neçə rayonunda aparılan kəşfiyyat işləri başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Birliyin sifarişi ilə Gəncə neftli-qazlı rayonunun Naftalan-Şimali Naftalan sahəsində mezo-kaynozoy çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və neft-qazlılığın proqnozlaşdırılması məqsədi ilə Naftalan neft yatağı üzərində seysmik kəşfiyyat işləri tam başa çatdırılmış, yekun hesabatın tamamlanması istiqamətində işlər aparılır.
Həmçinin Birlik tərəfindən Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının yaradılmasının mümkünlüyünün araşdırılması məqsədilə Tumbul-Nehrəm sahəsində geoloji quruluşunun müəyyən edilməsi üçün iki və üçölçülü seysmik kəşfiyyat işləri aparılır. Hazırda bu məqsədlə həmin ərazidə kəşfiyyat quyusu qazılır.
Bundan əlavə, Abşeron yarımadasının şimalında, Xəzər dənizi akvatoriyasında yerləşən Qoşadaş sahəsində mezo-kaynozoy çöküntülərinin geoloji quruluşunun öyrənilməsi məqsədilə üçölçülü seysmik kəşfiyyat işləri və Xəzəryanı-Quba neftli-qazlı rayonunun mezo-kaynozoy çöküntülərinin tektonik quruluşunun dəqiqləşdirilməsi məqsədi ilə kompleks geofiziki kəşfiyyat işləri də davam etdirilir.