İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirilmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rektor Elmar Qasımov ali təhsil ocağının tələbələrin gələcəkdə hazırlıqlı mütəxəssis kimi yetişdirilməsində BANM-in rolundan danışmış, tələbələrin Azərbaycanın yerləşdiyi məkanın geosiyasi aspektlərinə dərindən bələd olması üçün bugünkü görüşün əhəmiyyətini xüsusi qeyd etmişdir.
Sonra “Azərbaycan: geosiyasi kimlik” mövzusunda məruzə ilə tələbələr qarşısında çıxış edən F.Məmmədov coğrafi baxımdan Şərqlə Qərbin qovuşuğunda yerləşən, islam və türk dünyasının bir hissəsi olan ölkəmizin Avropaya siyasi-iqtisadi və mədəni inteqrasiyasının genişləndikcə, geosiyasi əhəmiyyətinin də artdığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, nadir geosiyasi mövqeyə, zəngin təbii ehtiyatlara, sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəmiz bu gün fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayır. Ölkəmiz postsovet məkanındakı müsəlman dövlətinin qısa vaxt ərzində iqtisadi-siyasi və mədəni inkişafının, zəngin tolerantlıq ənənələrinin, xalqların birgəyaşayışının bariz nümunəsidir. Azərbaycanda vətəndaş birliyinin təminatına yönəldilmiş daxili siyasətin, milli maraqların ödənilməsinə istiqamətləndirilən xarici siyasətin bir-birini tamamlaması və mükəmməl strategiyanın müəyyənləşdirilməsi, ilk növbədə, bir sıra dövlətlərin xarici mənafelərindən yaranan təhdidlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir çox irimiqyaslı layihələr ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına və etibarlı tərəfdaş statusunu qazanmasına səbəb olmuşdur. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Əgər bu gün respublikamızın xarici ölkələrdəki investisiya portfeli 5 milyard ABŞ dollarına bərabərdirsə, yaxın 15 ildə bu rəqəm 25 milyard dollara çatacaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçilərinin mütəmadi olaraq BANM-də məruzələrlə çıxış etmələri planlaşdırılır.