Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub


Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Səfər qrantları” müsabiqəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin həyata keçirdiyi “Autizmli şəxslər üçün sosial xidmətlərin təkmilləşdirilməsi məqsədilə Malta modeli ilə tanışlıq” layihəsi çərçivəsində Birliyin əməkdaşı Leyla Tağıyeva Malta Respublikasına ezamiyyə səfəri edib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi ölkəmizdə autizmli və əlilliyi olan şəxslərə göstərilən sosial xidmətlərin təkmilləşdirilməsinə töhfə vermək məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik Maltanın dövlət və qeyri-hökumət təşkilatlarının təcrübəsi ilə yaxından tanışlıq olub.
Səfər çərçivəsində Leyla Tağıyeva Maltada Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komissiya, İnklüzivlik və Könüllülər Nazirliyi yanında Əlillik Məsələləri üzrə Direktorluğu, Dəstək Agentliyinin Gün Mərkəzləri, Milli Məktəbə Dəstək Xidməti nəzdində Autizm Spektr Dəstək Qrupu, Autizmli Valideynlər Assosiasiyası, “Inspire” Fondu “Lino Spiteri” Fondu, Malta Autizm Mərkəzi, Malta Universiteti və Malta İncəsənət, Elm və Texnologiya Kollecində görüşlər keçirib, qurumların təcrübəsi ilə əyani tanış olub, fikir mübadiləsi aparıb.
Səfər zamanı bəzi qurumlarla aparılan müzakirələr hibrid formatda təşkil edilib. Görüşdə “Birgə və Sağlam” İctimai Birliyinin əməkdaşları, həmçinin Sosial Xidmətlər Agentliyinin əməkdaşları da onlayn görüşlərdə fəal iştirak edib, fikir mübadiləsi aparıblar.
Səfər zamanı bilik və təcrübə mübadiləsi aparılıb. Səfər müvafiq sahə üzrə fəaliyyətlərin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlara nümunəvi sosial xidmətlərin göstərilməsi üçün çevik mexanizmlərin qurulma yolları üzrə aydın və uzaqgörən vizyonun formalaşması üçün Birliyə mühüm institusional təcrübə qazandırıb. Birlik bu təcrübədən çıxış edərək ölkəmizdə müvafiq xidmətlərin təkmilləşdirilməsi üçün təşəbbüslər irəli sürəcək.