İQTİSADİYYAT
Bakı Biznes Tədris Mərkəzində seminar keçirilmişdir
Bakı, 15 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı"nın icrasına həsr olunmuş seminar keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, İİN-in sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Elçin İbrahimov Almaniyada təşkil edilmiş ixtisasartırma kurslarının əhəmiyyəti barədə məlumat vermiş, bu proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnmələri, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın "GİZ" təşkilatının layihələr üzrə rəhbəri Ronald Şults və beynəlxalq ekspert Vladislav Belov, "Baden Vüttenberq İxrac Akademiyası" Tədris Mərkəzinin nümayəndəsi Gabriele Beese çıxışlarında "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" və ixtisasartırma kursunun uğurlu nəticəsi barədə məlumat vermişlər.
Bildirilmişdir ki, proqramın fəaliyyət müddəti ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 88 sahibkar və gənc menecerlər Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində tədris, Berlin, Bonn və s. şəhərlərində müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmişlər. Bakı Biznes Tədris Mərkəzi zəruri peşəkarlığa və xarici dil qabiliyyətinə malik namizədlərin seçilməsi işini təşkil etmiş, uyğun gələn namizədlərin və regionlar üzrə özəl sektor nümayəndələrinin proqramda iştirakına nail olmuşdur.
Kurs müddətində menecerlər Almaniyada ixtisaslaşdırılmış məşğələ və praktiki treninqlərlə müşayiət olunan müxtəlif məzmunlu təcrübə keçmək məqsədilə müəssisələrə səfərlər də etmişlər. Bununla yanaşı, proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılmış, biznes müqavilələri imzalanmışdır.
Sonra 2012-ci ilin iyun-iyul aylarında Almaniyada 1 ay müddətində "İqtisadi kooperasiya" ixtisasartırma kursunu keçmək üçün sənədlərini təqdim etmiş namizədlər arasında müsabiqəyə başlanılmışdır. Müsabiqə martın 16-dək davam edəcəkdir.
Müsabiqədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 73 sahibkar və menecer iştirak edir.