İQTİSADİYYAT
Bakı Fond Birjasında marketmeyker fəaliyyəti üzrə tələblər dəyişdirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) ticarətdə tələb-təklifin stimullaşdırılması, rəqabətli qiymətlərin formalaşdırılması və likvidliyin artırılması məqsədilə istiqraz bazarında marketmeyker fəaliyyəti üzrə stimullaşdırıcı tələblər müəyyən olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin 2019-cu il 18 oktyabr tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcminə dəyişiklik olunub: Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilib.
Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilərək aşağıdakı kimi müəyyən olunub: 1-ci qrup qiymətli kağızlar (Maliyyə Nazirliyinin dövlət istiqrazları, Mərkəzi Bankın notları, İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300 min manat; 2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50 min manat.
İndiyədək marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi 1-ci qrup qiymətli kağızlar üzrə 1,5 milyon manat, 2-ci qrup qiymətli kağızlar üzrə isə 200 min manat idi. Bu tələblərə yalnız iki investisiya şirkəti cavab verərək korporativ qiymətli kağızlar bazarında marketmeyker qismində çıxış edirdi. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, qeyd olunan tələbin 1-ci qrup qiymətli kağızlar üzrə 5 dəfə, 2-ci qrup qiymətli kağızlar üzrə isə 4 dəfə azaldılması fonunda dövlət qiymətli kağızları bazarında marketmeyker institutunun formalaşdırılması, korporativ qiymətli kağızlar bazarında isə marketmeyker fəaliyyətinin stimullaşdırılması ilə bazarın likvidliyinin artırılması nəzərdə tutulur.
Birjanın ticarət qaydalarına əsasən, marketmeyker gündəlik olaraq BFB-də üzərinə götürdüyü öhdəlikləri həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. BFB-nin ticarət qaydaları və idarə heyətinin müvafiq qərarı qurumun internet səhifəsində (www.bfb.az) qayda və təlimatlar bölməsində yerləşdirilib.