İDMAN
“Bakı” klubunun nümayəndələri ECA-nın Qətərdə keçirilmiş Baş Assambleyasında iştirak etmişlər
Bakı, 9 fevral (AZƏRTAC). Qətərin paytaxtı Dohada Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı “Bakı” futbol klubunun baş meneceri Zeynal Məmmədov və media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev təmsil etmişlər.
Təşkilatın tarixində ilk dəfə olaraq Baş Assambleyada Avropa klubları ilə yanaşı müşahidəçi qismində Afrika, Asiya və Amerika kollektivlərinin nümayəndələri də iştirak etmişlər.
UEFA-ya daxil olan 153 klubun təmsilçiləri ilə bərabər Braziliya, Argentina, Yaponiya, Misir, Qətər, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Uruqvay, Avstraliya, CAR və s. kimi ölkələrin aparıcı kollektivləri üç gün ərzində Dohada bir araya gələrək müasir futbol dünyasının problemlərini müzakirə etmiş və yekun sənədə imza atmışlar.
Baş Assambleyada ECA-nın illik fəaliyyəti haqqında hesabat dinlənilmiş, təşkilatın nizamnaməsinə dəyişikliklər edilmişdir. Transfer fəaliyyəti, maliyyə əməliyyatları, futbolçu və klub, futbolçu və menecer, klub və menecer münasibətlərinin şəffaflığını təmin etmək məqsədi ilə UEFA və FİFA-ya təkliflər irəli sürülmüşdür.
ECA və UEFA arasında əməkdaşlıq barədə memorandum müzakirə olunmuşdur. Milli komandaların beynəlxalq yoldaşlıq oyunları və Avropa kuboklarının təqvimi ilə bağlı təkliflər FİFA-ya ünvanlanmışdır.
2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsinin katibi Hassan əl-Tavadi mundiala hazırlığın gedişi, arenaların və müvafiq infrastrukturun tikintisi, iştirakçı və qonaqlar üçün nəzərdə tutulan şərait, nəqliyyat və otel sistemləri barədə ətraflı məlumat vermişdir.
Cari il aprelin 15-19-da İspaniyada ECA I vitse-prezidenti, “Barselona” klubunun prezidenti Sandro Roselin rəhbərliyi altında marketinq qrupunun toplantısının keçirilməsi barədə razılıq əldə olunmuşdur. Marketinq, sponsorluq və brend menecerliyi mövzularını əhatə edəcək tədbirə dəvət alanlar arasında “Bakı” klubunun nümayəndələri də vardır.
ECA daxilində qadın futbolu komitəsinin yaradılması barədə qərar qəbul edilmişdir. Bu komitəyə “Olimpik” (Lion) klubunun prezidenti Jan Mişel Olas rəhbərlik edəcəkdir.