İQTİSADİYYAT
Bakı sərnişin dəmir yolu vağzalının təmiri 2016-cı ilin ikinci yarısında yekunlaşacaq
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı sərnişin dəmir yolu vağzalının əsaslı təmiri 2016-cı ilin ikinci yarısında yekunlaşacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün cari ilin mart ayında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər.
Təmir işləri davam edir. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.
Məlumat üçün deyək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.