İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN ƏTRAF MÜHİTƏ VƏ SOSİAL-İQTİSADİ SAHƏYƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR BÜTÜN SƏNƏDLƏR TƏSDİQLƏNMİŞDİR
Məlum olduğu kimi, noyabrın 30-da Gürcüstan hökuməti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin ətraf mühitə və sosial- iqtisadi sahəyə təsirinin qiymətləndirilməsini (ƏMSSTQ) təsdiq etmiş və boru kəməri şirkətinə ekoloji icazə vermişdir. ARDNŞ-in prezidenti Natiq Əliyev və AMOK-un prezidenti Devid Vudvord bu münasibətlə mətbuat konfransı keçirmişlər. Onlar bildirmişlər ki, Gürcüstanda qəbul olunmuş qərar boru kəmərinin müfəssəl ilə layihələşdirilməsi zamanı müəyyən edilmiş marşrut üzrə tikintisinə başlamağa imkan verəcəkdir.
AMOK-un başçısı bildirmişdir ki, razılaşdırılmış marşrut ətraf mühitin mühafizəsi, sosial məsələlər, təhlükəsizlik və tikinti baxımından BTC və Gürcüstan üçün ən yaxşı variantdır. Layihə beynəlxalq standartlara tam uyğundur və elə həyata keçiriləcək ki, ətraf mühitə mənfi təsir riski minimuma endirilsin. Həmçinin bildirilmişdir ki, ABŞ hökumətinin Xəzər regionu üzrə müşaviri səfir Stiven Mən ötən həftə Gürcüstana səfəri zamanı seçilmiş marşrutun düzgünlüyünə və ƏMSSTQ-nın hazırlanmasında iştirak edən beynəlxalq ekspertlərin işinin yüksək səviyyədə olmasına ABŞ hökumətinin əminliyini təsdiq etmişdir.
ARDNŞ-in prezidenti Natiq Əliyev demişdir ki, ekoloji cəhətdən narahatlığ doğuran rayonlar, o cümlədən Borjomi ictimaiyyət arasında ciddi diskussiyaya səbəb olmuşdur. Odur ki, bp şirkəti və Gürcüstan təhlükəsizliyə dair əlavə tədbirlər görməyə razılıq vermişlər. Belə ki, boru kəmərinin Borjominin təxminən 15 kilometrliyindən keçən Salka-Kodiana sahəsində sürgülərin sayı beynəlxalq standartlarda tələb olunduğundan iki dəfə artırılacaq, torpağın hər hansı tərpənməsini və qanunsuz torpaq işlərini, kənar şəxslərin işə qarışmasını qeydə alacaq müasir ötürücü sistemlər, elektron siqnalizasiyalı marker lenti, bütün lazımi hərəkət vasitələri olan daimi mühafizə və əlaqə sistemi quraşdırılacaqdır.
Natiq Əliyev eyni zamanda bildirmişdir ki, BTC layihələşdirilən zaman Gürcüstan tərəfi hazırda gürcü ekoloqlarının narahatlığına səbəb olan ərazidən də keçən bu marşrutu özü təklif etmişdir. O, əlavə etmişdir ki, sentyabrın 18-də BTC-nın təməlinin qoyulması mərasimdən sonra layihənin bütün əleyhdarları birləşmiş və ekoloji mövzudan istifadə edərək, kəmərin tikintisinə mane olmağa çalışmışlar.