MƏDƏNİYYƏT
Bakı Uşaq və Gənclər Teatrı mövsümü “Cənnətə bilet” tamaşası ilə açıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünü ölkəmizi şanlı Zəfərə aparan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Cənnətə bilet” tamaşası ilə açıb.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında təqdim edilib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunmuş tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır.
Tamaşa II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.
Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidir. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.
Bir ailənin timsalında hər birimizin Qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğullarımız üçün keçirdiyimiz qürurdolu kədər öz əksini tapıb.
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətindən və Qələbə müjdəli çıxışlarından istifadə olunub.