İDMAN
Bakıda “Baku Open-2013” Beynəlxalq şahmat festivalı açılmışdır
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Novxanıda “Baku Open-2013” Beynəlxalq şahmat festivalının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbiri açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq ənənəyə çevrilmiş bu mötəbər şahmat turnirinin əhəmiyyətindən bəhs etmişdir.
Vurğulanmışdır ki, ölkəmizdə idmanın inkişafı ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyildir ki, respublikanın bölgələrində 40-dan artıq Olimpiya kompleksləri, 68 şahmat məktəbi, gənclər evləri fəaliyyət göstərir. Bu rəqəmlər Azərbaycanda şahmata marağın günbəgün artmasının bariz nümunəsidir.
Nazir müavini diqqətə çatdırmışdır ki, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artması üçün böyük imkanlar açmışdır.
“Baku Open-2013” festivalı A (güclülər) və B (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarətdir. Festivalda Azərbaycan ilə yanaşı, 18 ölkədən 224 şahmatçı (33 beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9 FİDE ustası) qələbə uğrunda mübarizə aparacaqlar.
İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.