MƏDƏNİYYƏT
Bakıda “Böyük sənət hamisi” filmi təqdim olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin təqdimat və “Danışan əllər” sərgisinin açılış mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən danışıb. Qeyd olunub ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər milli-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə xas əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.
Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb.
O, filmin hazırlanma prosesindən danışaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən ekran əsərində nadir foto və video arxivlərindən istifadə olunub.
Filmin təqdimatından sonra çıxış edən Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıblar. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, həmçinin mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub.