İQTİSADİYYAT
Bakıda “Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri açılmışdır
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri - 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2014”) sərgiləri açılmışdır.
AZƏRTAC xəbər verir ki, “Caspian Oil & Gas” sərgisi hər il neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir araya gətirir.
Birinci “Caspian Oil & Gas” sərgisi Azərbaycanın neft sənayesi və iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcı olan, bu il 20 illiyi qeyd ediləcək “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində reallaşmışdır. Həmin vaxt ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsində birinci ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdi. O vaxtdan indiyədək “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sənayesinin aparıcı peşəkarlarının görüş yerinə çevrilmiş və burada gələcək əməkdaşlığa dair memorandumlar, habelə saziş və müqavilələr imzalanmışdır.
“Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən rəsmi dəstək göstərilir. Sərginin təşkilatçıları qismində “ITE Group” və onun tərəfdaşı - “Iteca Caspian” şirkətləri çıxış edirlər. Artıq 9 ildir ki, sərgi Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur. “UFI tərəfindən təsdiq olunmuşdur” nişanı sərginin bütün beynəlxalq standartlara uyğunluğunu sübut edir.
Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70 faizdən çoxunda məşhur şirkətlər qərarlaşmışlar və onların arasında bilavasitə “Əsrin müqaviləsi”nin iştirakçıları - ARDNŞ, bp, “Statoil”, “TPAO”, “LUKoil” və s. kimi şirkətlər vardır. Sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmamışlar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər. Beynəlxalq “Caspian Oil & Gas” sərgisinin iştirakçı tərkibinin daim yenilənməsi və genişlənməsi dünya neft-qaz cəmiyyətinin sərgiyə artan marağını vurğulayır. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 10 faiz genişlənmişdir.
Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançanı əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmini, regionda mövcud və gələcək neft-qaz layihələri və s. tematik bölmələrdən ibarətdir. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi ilə əlaqədar olaraq iştirakçılar öz ekspozisiyalarında neft-qaz avadanlıqlarına xüsusi diqqət ayırmışlar.
“Caspian Oil & Gas-2014” sərgisinin baş sponsoru ARDNŞ, “qızıl sponsor”ları “bp-Azərbaycan” və “Baker Hughes” şirkətləri, “gümüş sponsor”ları “Nobel Oil LTD” və “Caspian Drilling Company” şirkətləri, “bürünc sponsor”ları isə “Ballast Pipeline SVAP”, “Dassault Systèmes”, “SNF VOSTOK”, “Azfen J.V.”, “Azeri M-I Drilling Fluids”, “Bos Shelf”, “RussNeft”, “Caspian Marine Services” və “Tekfen Construction and Installation Co. INC” şirkətləridir.
Sərginin işgüzar proqramı da zəngindir. Sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün seminarlar və şirkətlərin təqdimatları təşkil ediləcəkdir. Sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində “Intertech Corporation” şirkətinin “Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar” mövzusunda seminar, “Youth inc.” şirkətinin iştirakçıları üçün ustad dərsləri keçiləcəkdir.
“Caspian Power” sərgisi isə “ITE Group Plc” şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxildir və sənaye sərgiləri arasında özünü brend kimi sübut etmişdir.
Sərgiyə Azərbaycan Respublikasının Energetika Nazirliyi, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rəsmi dəstək göstərilir.
Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Çin, Rusiya, Türkiyə, Ukrayna və Finlandiyadan energetika sahəsində texnologiyaların təchizatı üzrə aparıcı şirkətlər vardır. Sərgi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, “AzAlternativEnerji”, “AzGunTech”, “Bylectrica”, “EAE Elektrik”, “Electronic Information Systems”, “GALAD”, “GokNur Baku”, “Kardeş Elektrik”, Koznov adına Minsk Elektrotexniki Zavodu, “Nobel Electric”, “Radiy”, “Bresler tədqiqat mərkəzi, “Schneider Electric”, Sumqayıt Texnologiya Parkı, “Togliatti Transformator” və “Wartsila Azerbaijan” kimi şirkətləri də bir araya gətirmişdir.
“Caspian Power-2014” sərgisində işıq diodları, günəş batareyalarının panelləri, işıq diodlu indikatorlar, işıqlandırıcı cihazlar, müxtəlif kabel-naqil məhsulları, avtonom naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir lampalar, elektrik enerjisinin texniki və kommersiya məqsədli ölçülməsi üçün avtomatlaşdırılmış sistemlər və bir çox digər məhsullar nümayiş etdirilir.
Beləliklə, əsasən mütəxəssislər üçün nəzərdə tutulmuş “Caspian Power-2014” sərgisi elektrik enerjisi sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, bu sahənin inkişafı üzrə yeni texnoloji layihə və strategiyalar barədə məlumat almaq üçün nadir imkan təqdim edir.
Hər iki sərgi öz işini iyunun 6-da yekunlaşdıracaqdır.