MƏDƏNİYYƏT
Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçiriləcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). Dekabrın 2-dən 7-dək Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası keçiriləcəkdir. Komitənin sədri seçilmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə reallaşacaq sessiya çərçivəsində qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak edəcəyi Hökumətlərarası Komitənin bu sessiyanın gündəliyində duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan qeyri-maddi mədəni irsin siyahısı və Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı üzrə qərarın verilməsidir.
Təcili Qorunmaya Ehtiyacı Olan qeyri-maddi mədəni irsin siyahısında Azərbaycanın qədim çövkən oyunu da yer almışdır.
Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılmışdır.
Tədbirlər çərçivəsində qonaqlar Azərbaycanın qədim tarixi abidələri ilə yaxından tanış olacaqlar.
UNESCO-nun beynəlxalq əhəmiyyətli bu tədbiri Azərbaycanın zəngin mədəni irsinin qorunması, ölkəmizin mədəni və turizm imkanlarının təşviqi və ölkəmizə marağın artırılması baxımından olduqca əhəmiyyətli hadisədir.