İDMAN
Bakının “Neftçi” komandası ilə qarşılaşacaq Zaqatalanın “Simurq” kollektivi oyuna tam heyətlə çıxmayacaqdır
Bakı, 12 aprel (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının XXVI turu çərçivəsində Bakının “Neftçi” komandası ilə qarşılaşacaq Zaqatalanın “Simurq” kollektivi oyuna tam heyətlə çıxmayacaqdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, baş məşqçi Georgi Çixradze iki oyunçunun xidmətindən bu matçda yararlana bilməyəcəkdir. Belə ki, Aleksandr Şemonayev və Nicat Qurbanov qarşılaşmanı kənardan izləyəcəklər. A.Şemonayev cəza üzündən oynaya bilməyəcəkdir. O, ötən turda “Qəbələ” ilə oyununun 54-cü dəqiqəsində qeyri-idmani hərəkətinə görə sarı vərəqə alaraq cəzalı duruma düşmüşdür.
N.Qurbanov isə müqaviləsindəki bəndə görə “Neftçi”yə qarşı oynaya bilməyəcəkdir. Belə ki, bu futbolçunu paytaxt klubundan icarəyə götürən “Simurq” anlaşmaya əsasən onu doğma komandasına qarşı oynada bilməz.
Qeyd edək ki, “Simurq” - “Neftçi” oyunu aprelin 13-də Zaqatala şəhər stadionunda keçiriləcəkdir.