İQTİSADİYYAT
Bakının “Qələbə meydanı”nda yol ötürücü kompleksin tikintisi davam etdirilir
Bakı, 13 iyul (AZƏRTAC). Metronun “Gənclik” stansiyasının ətrafındakı “Qələbə meydanı”nın ərazisində və onunla kəsişən yollarda inşa olunan yol ötürücü kompleksin tikintisi davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutan layihənin tikintisinə 2010-cu ildən başlanılmışdır. Artıq yol ötürücü kompleksində işlərin böyük hissəsi arxada qalmışdır. Bu ilin sonunadək kompleksin tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmiş və Həsən Əliyev küçəsində bir tunelin tikintisi tamamlanmışdır. Uzunluğu 546 metr, eni isə 16,5 metr olan bu tunel artıq istifadəyə verilmişdir.