Balakən rayonunun kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir
Balakən, 16 sentyabr (AZƏRTAC). Yeni dərs ilinin ilk günü Balakən rayonunun Hənifə və Qazbinə kənd tam orta məktəblərinin müəllim və şagirdləri üçün əlamətdar və yaddaqalan olmuşdur.
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da bu kəndlərdə dövlət vəsaiti hesabına inşa edilmiş 480 və 220 yerlik yeni məktəb binaları şagirdlərin istifadəsinə verilmişdir.
Açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramının hazırda uğurla davam etdirildiyini, son illər respublikamızda təhsil sahəsinin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, iki gün əvvəl rayonun kəndlərində 2 yeni məktəb binası istifadəyə verilmişdir. Bu gün daha 2 məktəb binası qapılarını şagirdlərin üzünə açır. Oktyabrın əvvəllərində Qazma kəndində də dövlət vəsaiti hesabına inşa edilən 360 yerlik yeni məktəb binası istifadəyə veriləcəkdir. Vurğulanmışdır ki, respublikanın ucqar sərhəd rayonlarından olan Balakəndə yeni dərs ilinin başlanğıcında müasir tələblərə cavab verən 5 yeni məktəb binasının istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Mərasimlərdə çıxış edənlər yeni məktəb binalarının istifadəyə verilməsini rayonun təhsil həyatı üçün çox əlamətdar hadisə olduğunu vurğulamış, dərs ilinin başlanğıcında gerçəkləşdirilən belə dəyərli hədiyyələrə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçıları yeni məktəb binalarında yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]