DÜNYA
Banqladeşdə 25 milyon nəfər COVID-19 vaksinasiyasına məcburi cəlb olunacaq
Pekin, 31 yanvar, AZƏRTAC
Banqladeşdə COVID-19 virusunun yayılması ilə mübarizə tədbirləri çərçivəsində xidmət, nəqliyyat və ticarət sektorunda çalışanlar, zavod fəhlələri də daxil olmaqla təxminən 25 milyon nəfər məcburi olaraq vaksinasiyaya cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, ölkənin səhiyyə naziri Zahid Malik həmin şəxslərin tam peyvənd olunmasının əsas risk qrupuna aid əhalinin vaksinasiyası proqramında əksini tapdığını deyib. Onlara “Johnson and Johnson” peyvəndinin bir dozası vurulacaq.
Səhiyyə naziri bildirib ki, indiyədək ölkədə 97 milyon nəfər COVID-19 peyvəndinin bir, 65 milyon nəfər iki, 15,5 milyon nəfər isə “buster” dozanı qəbul edib.
Hökumət “buster” doza üçün yaş həddini 40-a endirib. Bundan başqa, “omikron” ştamına yoluxan pasiyentlər üçün özünütəcrid dövrü 14 gündən 10 günədək azaldılıb.
Qeyd edək ki, Banqladeşdə yanvarın əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı artır. Yoluxmaların çoxalması “omikron”un dominant ştama çevrilməsi fonunda baş verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin