DÜNYA
Barmaqlarımızın quruluşu xəstəliklərin müayinəsində əhəmiyyətli rol oynayır
Bakı, 22 noyabr (AZƏRTAC). Koreya Respublikasındakı Qaçon Universitetinin Gil xəstəxanasının həkimlərinin yaşı 40-dan yuxarı olan 366 kişi üzərində apardığı araşdırmaya görə, sağ əldəki adsız barmağın şəhadət barmağından əhəmiyyətli ölçüdə uzun olması prostat xərçənginə tutulma riskinin yüksək olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, araşdırmada aparılan qan testləri sağ əlin adsız barmağı daha uzun olan kişilərdə prostat spesifik antigeninin (PSA) daha yüksək səviyyədə olduğunu müəyyənləşdirmişdir.
Adsız barmağı şəhadət barmağından yalnız bir az uzun, ya da eyni uzunluqda olanlarınsa xəstəliyə daha az meyilliliyi aşkarlanmışdır. Daha əvvəlki araşdırmalarda da uzun adsız barmağın ürək narahatlıqlarını azaltdığı, imtahanlarda müvəffəqiyyət şansını artırdığı kimi müsbət tərəflərindən söz açılmışdır.
Bəs əl barmaqlarınızın şəxsiyyətiniz haqqında bir çox həqiqəti ortaya çıxarmasından xəbəriniz varmı?
Bu günlərdə İngiltərədə satışa çıxarılan “The Finger Book” (“Barmaq kitabı”) adlı kitabda malik olduğumuz bir çox xüsusiyyətimiz barmaqlarımızın quruluşu, yəni onların uzun, ya da qısalığı ilə müəyyənləşdirilir. Kitabda yer alan bəzi ən maraqlı məqamlar bunlardır: orta barmağı şəhadət barmağından uzun olan insanlar həssas və ünsiyyətcil olurlar. Risk etməkdən qorxmurlar. Normal insanlardan daha aqressiv, musiqi qabiliyyətinə sahib olurlar. Belə adamlar əsasən solaxay olurlar.
Orta barmağın şəhadət barmağından qısa olmasına isə qadınlar arasında daha çox təsadüf edilir. Bu adamlar idarəetmə işlərində, ev dekorasiyasında və sağlamlıq xidmətlərində daha bacarıqlı olurlar. Romantik və özlərinə qapalı, daim qorxu və qayğı içərisində olurlar. Onların danışaraq təsir etmə qabiliyyətləri yüksək səviyyədədir. Eyni zamanda, bu şəxslərin şizofreniya xəstəliyinə mübtəla olma ehtimalı yüksəkdir.
Orta barmağı şəhadət barmağı ilə bərabər olanlar isə əsasən, özü-özlərinin ağası olurlar. Onlar inanmadıqları heç bir şeyi söyləmir, dərdlərini öz içlərində yaşayırlar.