DÜNYA
Barselona Universiteti dünya fənn reytinqində ən yaxşı ispan ali məktəbi olub
Madrid, 28 fevral, AZƏRTAC
“Quacquarelli Symonds” (QS) şirkətinin hazırladığı universitetlərin dünya fənn reytinqi cədvəli dərc olunub. Bu siyahıda elmin 5 sahəsində 48 fənn üzrə 1200-dən çox ali məktəb yer alıb. Hər bir universitet üçün dörd göstərici - akademik reputasiya, işəgötürənlər arasında nüfuz, sitatgətirmə indeksi və ali məktəbin dünyada avtoriteti əsas götürülüb.
AZƏRTAC xəbər verir ki, İspaniyadan ən yaxşı ali təhsil ocağı Barselona Universiteti hesab edilib. Bu ali məktəb dörd fənn - anatomiya və fiziologiya, arxeologiya, fəlsəfə, kitabxanaçılıq işi və dəftərxana işi üzrə dünyanın ən yaxşı 50 universitetindən biri olub. Ümumilikdə isə, Barselona Universiteti 27 fənn üzrə dünyanın ən yaxşı 100 universiteti arasındadır.
Barselona Universiteti ilə yanaşı, dörd fənn (dağ-mədən sənayesi, arxitektura, mühəndislik, avtomobil və aviasiya mühəndisliyi) üzrə dünyanın ən yaxşı 50 universiteti sırasına Madrid Politexnik Universiteti də daxil edilib.
Yüksək nəticələrə nail olmuş universitetlər arasında Kataloniya Politexnik Universiteti, Marbel “Les Roches” Universiteti, San-Pol-de-Mardakı (Barselona) Turizm Universiteti də var.
Lakin 2018-ci illə müqayisədə İspaniyanın reytinqi bir az düşüb. 2019-cu ildə ən yaxşı 100 universitet siyahısına 68 ispan ali məktəbi daxil edilib ki, bu da ötən ildəki göstəricidən 10 universitet azdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid