DÜNYA
Baş nazir Şinzo Abe: Yaponiya nüvəsiz ölkə olaraq üç prinsipə sadiq qalacaq
Tokio, 9 avqust (AZƏRTAC). Yaponiya nüvəsiz ölkə olaraq özünün üç əsas prinsipinə - nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisinə gətirməmək kimi prinsiplərə sadiq qalacaqdır. Bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe avqustun 9-da Naqasaki şəhərinə atom bombası atılmasının 69-cu ildönümünə həsr edilmiş anım mərasimindəki çıxışında bildirib.
Ş.Abe deyib: “Atom bombasından zərər çəkmiş yeganə ölkə olaraq, biz bəşəriyyət qarşısında xüsusi məsuliyyət daşıyırıq və bütün gücümüzü sərf edəcəyik ki, dünyada atom silahı olmasın. Biz nüvəsiz ölkə kimi üç prinsipə əməl edəcək və bütün dünyada sülhün qorunmasına çalışacağıq”.
Naqasaki şəhərində anım mərasimi ənənəvi olaraq, atom bombasının 69 il əvvəl şəhərə atıldığı vaxtda - 11:02-də başlayıb. Bütün Yaponiyada bir dəqiqə sükut elan olunub.
Bundan sonra Naqasakinin meri Tomihişa Taue Sülh Bəyannaməsini oxuyub. Sənəd Şimal-Şərqi Asiyada nüvəsiz zona yaratmağa çağırır.
Bəyannamədə deyilir: “Bu, həm Koreya Respublikasını, həm Koreya Xalq Demokratik Respublikasını, həm də Yaponiyanı atom silahından qorumalıdır”.
Naqasakinin meri xatırladıb ki, əsas məqsəd nüvə silahının olmadığı və əbədi sülhün hökmranlıq etdiyi dünyanın yaradılmasıdır: ”Biz nüvə silahının ləğvi istiqamətində mübarizəni davam etdirməli və əbədi sülhün bərqərar olmasına çalışmalıyıq”.
Naqasaki Xirosimadan sonra ABŞ-ın 1945-ci ilin avqustunda atom bombası atdığı ikinci Yaponiya şəhəridir. Amerikalılar birinci bombadan iki dəfə güclü olan və “Gombul” adlanan ikinci bombanı bu şəhərə atıblar. Naqasaki şəhəri yer üzündən tamamilə silinmiş, yetmiş mindən çox insan həmin andaca həlak olmuşdu.
Ötən illər ərzində məhz bu bombanın yaratdığı şüa xəstəliyi nəticəsində həlak olanların sayı artaraq 152 mini ötüb. Yaponiyada “hibakuşya” (bombardmandan zərər çəkən) adlanan həmin insanlar hələ də radiasiya şüalanması nəticəsində yaranan xəstəliklərdən zərər çəkirlər. Hökumətin məlumatına əsasən, hazırda Yaponiyada 200 mindən artıq hibakuşya yaşayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio