CƏMİYYƏT
Baytarlıq Xidməti: “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 25-dən etibarən ölkə ərazisində “quş qripi” xəstəliyinə görə milli park və qoruqlarda, quşçuluq və fərdi təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, köçəri quşlarla əlaqədar monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır və martın 1-də yekunlaşacaq.
Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 27, o cümlədən Pirallahı adasındakı Abşeron Milli Parkından 8, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 11, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş köçəri quşdan patoloji material, həmçinin Abşeron, Şabran və Salyan rayonlarının hər birindən 50 baş olmaqla şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.
Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə və xəstəlikdən tələfata rast gəlinməyib.
Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.