İQTİSADİYYAT
Belarusda ölkəmizdə keyfiyyət təminatı sahəsində aparılan islahatlar diqqətə çatdırılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda bu ölkənin Antiinhisar Qurumunun yaradılmasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında çıxış edən Məmməd Abbasbəyli Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, dövlət satınalmaları, rəqabət, keyfiyyət təminatı sahələrində aparılan islahatları diqqətə çatdırıb.
Səfər çərçivəsində Dövlət Xidmətinin rəisi ilə Belarusun Antiinhisar Tənzimlənmə və Ticarət naziri Aleksey Boqdanov arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı iki qurum arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli beynəlxalq konfransda iştirak edən Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidmətinin rəhbəri Keneşbay Tailakovla da görüşüb. Görüşdə cari ildə iki ölkənin antiinhisar orqanları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun həyata keçirilməsinə dair Tədbirlər Planı müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin təmin olunması və fəaliyyət istiqamətləri üzrə təlimlərin keçirilməsi haqqında razılıq əldə olunub.