REGİONLAR
Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub
Bərdə, 29 sentyabr, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional “ASAN xidmət” Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissini daha da yüksəltmək, təbliğ etmək, insanların teatr sahəsinə olan marağını artırmaqdır.
Təsirli epizodlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də, aktyorların çıxışları alqışlarla qarşılanıb.
Sonda çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar arzulayıb.