SİYASƏT
BƏRDƏDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ QEYD EDİLMİŞDİR
Bərdə, 9 may (AZƏRTAC). Bərdə şəhərində 9 May Qələbə gününün 64-cü ildünümü geniş qeyd olunmuşdur.
Tədbir şəhərin mərkəzindəki abidə-parkda keçirilmişdir. İştirakçılar burada Ana abidəsinin önünə gül-çiçək qoymuş, Döyüş şöhrəti muzeyinə baxmışlar.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev, rayon hərbi komissarı vəzifəsini icra edən polkovnik-leytenant Valeh Cəfərov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Etibar Hüseynova və başqaları müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik etmiş, İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı və faşizm üzərində qələbənin qazanılmasında rolu barədə danışmışlar.
Rəsmi hissədən sonra müharibə veteranlarına hədiyyələr verilmişdir. Tədbir bayram konserti ilə sona çatmışdır.