REGİONLAR
Bərdədə qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən olunub
Bərdə, 26 aprel, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.
Faktlarla bağlı Bərdə Rayon Polis Şöbəsində istintaq aparılır.