DÜNYA
Beto O’Rurk prezident seçkilərində mübarizəni dayandırıb
Vaşinqton, 4 noyabr, AZƏRTAC
Texas ştatından olan demokrat Beto O’Rurk bildirib ki, o, 2020-ci ildə ABŞ Prezidenti seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək iddiasında olan siyasətçilərin mübarizəsindən çıxır.
Seçki kampaniyasını bitirdiyini bəyan edən O’Rurk deyib: “Bundan sonra ölkəmə olan xidmətim namizəd qismində olmayacaq. Bunu etiraf etmək seçki kampaniyasında iştirak edənlərin, vahid namizədin ətrafında birləşməyə çalışan partiyamızın xeyrinədir və ölkənin maraqlarına uyğundur”.
Son bir neçə həftə ərzində, O’Rurkun kampaniyası debatların beşinci mərhələsində iştirak etmək üçün kifayət qədər ianə yığa bilməyib. Belə ki, donorlardan üçüncü rübdə 4.5 milyon dollar ianə aldığını bildirən O’Rurk, digər namizədlərdən geridə qalıb.
2013-cü ildən 2019-cu ilə kimi O'Rurk Texas ştatının 16-cu seçici dairəsini ABŞ Konqresində təmsil edib.
Ötən həftə aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, üç namizəd – keçmiş vitse-prezident Co Bayden, senator Erni Sanders və senator Elizabet Uorren öz rəqiblərini xeyli qabaqlayır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton