İQTİSADİYYAT
Beyləqanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin yeni inzibatı binasının açılışı olacaq
Bakı, 29 avqust (AZƏRTAC). Sentyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) ərazi idarəsinin yeni inzibatı binasının açılışı və ərazi idarəsində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” gününün təşkilində məqsəd ictimaiyyəti və mətbuat nümayəndələrini ərazi idarəsində həyata keçirilən daşınmaz əmlakın qeydiyyatı prosesi, müasir tələblərə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, qeydiyyatla bağlı hüquqi prosedurları əyani nümayiş etdirməkdir.
Eyni zamanda, həmin gün komitənin göstərdiyi mobil ofis xidmətlərinin daha da genişləndirilməsi məqsədilə yeni alınmış avtonəqliyyat vasitələrinin təqdimatı və aidiyyəti qurumların iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri keçiriləcəkdir.